
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, toplantıda "Bakı" klubu 20 min manat cərimələnib.
Buna klubun məşqçisi Muarem Zekirin Topaz Premyer Liqasının XXVI turu çərçivəsində "Simurq"la oyunun fasiləsində hakimlər briqadasına fiziki təsir göstərməsi səbəb olub. Nəticədə türkiyəli mütəxəssisin stadionlara 20 oyun girişinə qadağa qoyulub. Klub isə böyük məbləğdə cərimə edilib.
Son turun oyunlarına hakimlərin təhqir edilməsi hallarına I Divizionda, hətta aşağı yaş liqasında da rast gəlinib.
I divizionun XIX turunun "Rəvan” – "Bakılı” matçında meydan sahiblərinin futbolçusu Nahid Mehrəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb və klubu 400 manat cərimə olunub.
İntizam Komitəsi aşağı dəstədə mübarizə aparan "Şəmkir"in həkimi Abdulla Sadıqova daha sərt cəza verib. Belə ki, komandanın tibbi nümayəndəsi 10 oyunluq cəzalandırılıb. Buna səbəb Sadıqovun geniş kütlə qarşısında hakimlər briqadasını təhiq etməsi olub. Həkimin qeyri-etik hərəkətinə görə klubu 2000 manat ödəməli olacaq.
U-17 Liqasının "Xəzər Lənkəran” – "Qəbələ” matçında isə futbolçu hakimə qarşı təzyiq göstərib. Komitənin qərarına əsasən qonaq komandanın üzvü Əhməd Mirzəyev matçın 70-ci dəqiqəsində etdiyi hərəkətə görə 5 oyun meydana çıxa bilməyəcək.
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşləri zamanı isə "Neftçi" və "Qəbələ"nin 4 futbolçusu sarı vərəqə alıb. Müvafiq olaraq, AZAL və "Qəbələ" ilə görüşlərdə baş vermiş belə hallar üzündən hər iki klub 1000 manat cərimələnib.
Qeyd edək ki, onsuz da maliyyə problemləri içində çabalayan "Bakı" bir müddətdir AFFA-nın himayəsi altındadır.