
"Bu matça qələbə üçün çıxmışdıq. Evimizdə oynayırdıq. "Simurq" da bizim üçün ciddi rəqiblərdəndir. Uşaqlarla danışmışdıq ki, arzuolunmaz seriyaya son verib qələbə qazanmaq lazımdır. Həqiqətən də əzmkar oyun sərgilədik". Bunu Sportnet.az-a açıqlamasında "Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının XXXI turunda "Simurq"u 1:0 hesabı ilə yendikləri görüşdən sonra deyib.
Ötən gün 27 yaşı tamamlanan Hüseynov oyun zamanı tez-tez irəli atılmasını ad günündə qol vurmaq istəyi ilə əlaqələndirməyib: "Təkcə bu oyunda deyil, digər qarşılaşmalarda da imkan düşdükcə irəli atılıram. Öz ad günümdə təkcə qol vurmaq üçün deyil, qələbə naminə mübarizə aparırdım. Hesab daha böyük ola bilərdi. Buna özünüz də şahid oldunuz. Amma istənilən halda, qələbə qazandıq. Bu qələbə doğum günümə ən böyük hədiyyələrdən biridir".
Tovuz futbolunun yetirməsi bir neçə il öncəyədək Azərbaycanın ən perspektivli oyunçularından sayılırdı. Hətta o, yığmaya da dəvət alırdı. İndi isə Hüseynov 9 komanda arasında 8-ci pillədə qərarlaşan "Sumqayıt"ın heyətində yer alır. Təcrübəli müdafiəçi bunu zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalması ilə izah edib: "Bu da bir qismətdir. Zədə aldım, bir il futbolsuz qaldım. Bu, böyük müddətdir. Şükürlər olsun, formamı bərpa edirəm. Gələcəkdə nə olacağını isə zaman göstərər".
Təklif olacağı təqdirdə, dəyərləndirib qərar verəcəyini bildirən Hüseynov hazırda tam bərpa olunduğunu vurğulayıb: "Hər şey qaydasındadır".
Qeyd edək ki, bu qələbədən sonra xallarını 24-ə çatdıran "Sumqayıt" 7-ci pillədəki "Xəzər Lənkəran"la xal fərqini 3-ə endirib.