"Sumqayıt"la Azərbaycan Premyer Liqasının XXXIV tur matçından sonra tribunadan yıxılan "Qarabağ" azarkeşi Orxan Salah hadisəni nəql edib. "İmarət" fan-klubunun 17 yaşlı üzvü Sportnet.az-a açıqlamasında baş verənlərdə polislərin də rolunun olduğunu bildirib.
O deyib: "Komandamın çempionluğu rəsmiləşdikdən sonra futbolçulara tərəf qaçmaq üçün tribunadan aşağı tullanmaq istəyirdim. Bu zaman arxadan kimsə məni itələdi. Dostlarım dedi ki, həmin şəxs polis idi. Yerdə yıxılıb qaldım. Sağ olsun uşaqlar. Kömək etdilər və məni həkimə apardılar".
Amma yerə sərildiyi vaxt da polislər ondan əl çəkmək istəməyib. Dəhşətli ağrılar hiss edən fanata asayiş keşikçilərindən biri yaxınlaşaraq, dartışdırmağa başlayıb: "Yerdə olanda ağrı hiss etmirdim. Duranda 1-2 addım atmaq istədikdə ayağımda dəhşətli ağrılar başladı. Bu zaman bir polis məni tutub stadiondan çıxarmaq üçün dartışdırdı. Lakin uşaqlar ona vəziyyəti izah etdikdən sonra polis məndən əl çəkdi".
Orxan Salah xəstəxanaya heç də təcili yardım maşını ilə aparılmayıb. O, "İmarət" fan-klubundan olan həkim dostunun avtomobilinə mindirilərək, Travmotologiya İnstitutuna doğru üz tutub. Həkimlər rentgen müayinəsindən sonra onun dabanının sındığını və topuğunun çıxdığını müəyyənləşdiriblər. Nəticədə azarkeşin ayağına gips qoyulub və o, evə buraxılıb. Gips isə 3 aydan sonra açılacaq...
Bununla belə, Orxan Salah başına gələnlərdən heç də peşman deyil: "Mən doğulandan "Qarabağ"lıyam. Bu yaxınlarda 17 yaşım tamamlanacaq. Ayağım gec-tez sağalacaq. Əsas odur ki, "Qarabağ" çempion oldu. Məni həkimə aparan, həkimə aparılana qədər yanımda kömək olan hər kəsə minnətdarlığımı bildirirəm".