11 yaşadək futbolçular arasında Azərbaycan çempionatının final matçında Bakının Binəqədi rayonundakı yanğın hadisəsi qurbanlarının xatirəsi yad olunacaq. Bu barədə Sportnet.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
Onun sözlərinə görə, "Bayıl Arena"da bu gün U-11 Liqasında "Neftçi" və "İnter" komandaları arasında baş tutacaq həlledici qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunacaq. Komandalar meydana qara sarğıda çıxacaqlar.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Premyer Liqasında XXXV turun oyunlarında da faciə qurbanları anılacaq. Hətta bununla bağlı ötən gün Peşəkar Futbol Liqasında (PFL) prezident Ramin Musayevin rəhbərliyi altında xeyli müzakirə aparılıb. Mayın 22-nə təsadüf edəcək növbəti turun "İnter" - "Neftçi" matçından sonra qızıl və gümüş medalların təltifetmə mərasimi isə təmtəraqsız keçiriləcək. Yekun qərarın bu gün açıqlanacağı gözlənilir. Anım tədbirinin təkcə Premyer Liqaya deyil, I divizion və əvəzedicilərə də şamil olunacağı bildirilir.
Əməkdaşımızın əlaqə saxladığı klubların rəsmiləri də oyunlarını 1 dəqiqəlik sükutla başlamağa hazır olduqlarını bildiriblər. "Xəzər Lənkəran"la ev oyununa çıxacaq "Sumqayıt" klubunun prezidenti Kamran Quliyev Sportnet.az-a açıqlamasında "Matça 1 dəqiqəlik sükutla başlamağa ikiəlli hazırıq. Amma bunun üçün PFL ya yazılı, ya da şifahi formada bizi məlumatlandırmalıdır" deyib. "Simurq"u qəbul edəcək AZAL-da da mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov faciə qurbanlarının xatirəsini anmağa hazır olduqlarını vurğulayıb. "İnter"ə qonaq olacaq "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov isə "Düzdür, biz evdə oynamayacağıq. Amma belə bir qərar verilsə, icra etməyə hazırıq" söyləyib.
Qeyd edək ki, Binəqədidə rayonundakı hündürmərtəbəli binanın yanması nəticəsində 14 nəfər ölüb, 19-u yaralanıb. Dünyasını dəyişənlərdən 3-ü - Şirinova Zülfiyyə Yavər qızı (43 yaş) və onun övladları Eyvazov Davud Hamur oğlu (16 yaş) və Eyvazova Ülkər Hamur qızı (21 yaş) Azərbaycan yığmasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdır. Digər tərəfdən, ötən gün Azərbaycan millisinin və "Neftçi"nin sabiq baş məşqçisi Əhməd Ələsgərov 79 yaşında ikən dünyasını dəyişib.