
Quba Olimpiya İdman Kompleksində cüdo üzrə Avropa Kubokunun açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, tədbirdə çıxış edən Quba rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov belə bir yarışda qonaqları görməkdən fəxr hissi keçirdiklərini bildirib.
"Qədim tarixə, əsrarəngiz təbiətə malik rayonumuzda sizi görməkdən məmnunam", - deyən Mahmudov Avropa Kubokunun Qubada təşkilini tarixi hadisə adlandırıb: "Azərbaycan dünyada idman sahəsində güclü ölkə kimi tanınır. Regionlarda belə mötəbər yarışın təşkili uşaqların idmana marağının daha da artmasına kömək olur. Buna görə təşkilatçılara təşəkkürümü bildirirəm".
Daha sonra Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu idmançılara uğurlar arzulayıb və Avropa Cüdo Birliyinə (EJU) göstərdiyi etimada görə təşəkkür edib: "Bu turnir bizim üçün xüsusi əhəmiyyət daşıyır. ACF olaraq, regionlarda cüdonun kütləviləşdirilməsi və idman infrastrukturunun inkişafı istiqamətində məqsədyönlü addımlar atırıq. Turnirin regionlarda təşkili, eyni zamanda, cənab Prezident İlham Əliyevin regionlarda idmanın inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasına uyğundur".
Gənclər və idman naziri Fərid Qayıbov bütün iştirakçılara uğurlar arzulayıb: “Hamını salamlayıram. Fəxri qonaqlara “xoş gəmisiniz” deyirəm. Quba idman paytaxtımız olub. Bu yarışın burada təşkili də təsadüfü deyil. İcra başçısına, bütün təşkilatçılara təşəkkür edirəm. İdmançılara demək istəyirəm ki, güclü qalib gəlsin”.
EJU-nun idman komissarı Albert Qmayner EJU-nun prezidenti Laslo Totun salamlarını çatdırıb: "Bütün cüdo ailəsi adından Azərbaycan Cüdo Federasiyasına bu yarışı təşkil etdikləri üçün dərin təşəkkürümü bildirirəm. Quba Avropa Kuboku əhatə coğrafiyası və yeniyetmə idmançıların inkişafı baxımından çox vacib əhəmiyyət daşıyır. Əminəm ki, bir neçə ildən sonra bu idmançılardan bəzilərini Avropa və dünya çempionatlarının qaliblər kürsüsündə görəcəyik. Quba Avropa Kuboku 2025-i açıq elan etdiyim üçün qürur duyuram.”.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Qeyd edək ki, iki gün davam edəcək Avropa Kubokunda 10 ölkə və Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edən 2 komandanın 354 idmançısı mübarizə aparır.