Azərbaycan "Rio-2016” Yay Olimpiya Oyunlarında 3-cü gümüş medalını qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, qadın sərbəst güləşçimiz Mariya Stadnikin sayəsində reallaşıb.
Nəticədə 48 kq çəkidə çıxış edən Stadnik Olimpiya medal kolleksiyasını doldura bilməyib. Məsələ ondadlr ki, 28 yaşlı güləşçimiz Pekində bürünc, Londonda gümüş medal qazanmışdı. Mariya qızılı son saniyələrdə əldən buraxmaqla medal kolleksiyasında boş yeri doldura bilməyib.
Stadnik Azərbaycana olimpiada tarixində 8-ci gümüş mükafatı qazandırıb. Maraqlıdır ki, ölkəmiz müstəqil ölkə Olimpiadada debütündə ilk nəticəsi məhz sərbəst güləşdə 2-ci olub. Bu, "Atlanta-96”da 52 kq-da fərqlənən Namiq Abdullayevlə tarixə düşüb.
Sonrakı gümüş medallarımız artıq yunan-Roma növündə olub. Bu, "Pekin-2008”də 55 və 60 kq-da 2-ci olan Rövşən Bayramov və Vitali Rəhimovla reallaşıb.
Bayramovla Stadnik 2012-ci ildə London Olimpidasında gümüş medalçılarımız olublar. Onlar indiki çəkilərində mübarizə aparıblar. Nəhayət, "Rio-2016”da cüdoçularımız Rüstəm Orucovla (75 kq) Elmar Qasımov (100 kq) gümüş medalçılar olublar.
Göründüyü kimi, Standik Bayramovun taleyini yaşayaraq olimpiadada 2 dəfə finalda uduzub və gümüş medal qazanmaq nəticəsini təkrarlayıb. Ancaq Mariyanın tək Rövşəndən yox, bütün hamıdan üstünlüyü 3 Olimpiya medalı qazanmasındadır.
İdmançılarımızdan yalnız atıcı Zemfira Meftahətdinova 3 böyük yarışın – dünya. Avropa çempionatının və olimpiadanın qalibi olub. Stadnik dünya və Avropa çempionu olsa da, hələ də Olimpiya qızılına həsrət qalıb.
Xatırladaq ki, Azərbaycan "Rio-2016”da 6-cı medalını rəsmiləşdirib. Bu, cüdo ilə yanaşı, yunan-Roma növündə Rəsul Çunayev (66 kq) və Sabah Şəriəti (130 kq) ilə reallaşıb. Kayakıçı İnna Osipenko-Radomskaya da bürünc medalçıdır. Bokçular Kamran Şsahsuvarlı ilə Lorenzo Sotomayor da ən azı "bürünc"ü özlərinə təmin etsələr də, çıxışılarını başa vuranda mükaflarının əyarı müəyyənləşəcək və onda medal ölkənin hesabına yazılacaq.
Mehman Süleymanov