Vüqar Həşimovun xatirəsinə keçirilən "ShamkirChess 2017" turnirində VI tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov rusiyalı keçmiş dünya çempionu Vladimir Kramniki qara fiqurlarla məğlub edib. 6 saat 22 dəqiqə davam etmiş görüşdə Kramnik 70-ci gedişdən sonra təslim olub.
Teymur Rəcəbov isə qara fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib. Digər görüşlərdə ingiltərəli Maykl Adams hindistanlı Pentala Harikrişna ilə xalları yarı bölübsə, bolqarıstanlı Veselin Topalov ukraynalı Pavel Elyanovu, ABŞ təmsilçisi Uesli So rusiyalı Sergey Karyakini yenib.
Beləliklə, sona 3 tur qalmış Məmmədyarov xallarını 4,5-ə çatdıraraq, liderliyini davam etdirir. Topalov, So və Adams hərəyə 3,5 xalla, Elyanov 3 xalla, Kramnik, Karyakin, Rəcəbov və Voytaşek hərəyə 2,5 xalla, Harikrişna isə 2 xalla sonrakı yerlərdə qərarlaşıb.
VII turda Məmmədyarov - Adams, Elyanov - So, Rəcəbov - Topalov, Karyakin - Kramnik və Harikrişna - Voytaşek görüşləri keçiriləcək.