Azərbaycanın cüdo üzrə olimpiya çempionu Elnur Məmmədliyə 2007-ci il dünya çempionatı zamanı uduzması üçün pul təklif olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə 30 yaşlı idmançı "CBC Sport"da yayımlanan "İmza" verilişində açıqlama verib. Əminə Kazımovanın aparıcısı olduğu verilişdə Məmmədli türkiyəli idmançının təklif etdiyi məbləği qəbul etmədiyini bildirib: "Pulun məbləği kifayət qədər yüksək idi. Hardasa, 150 - 200 min. Həmin vaxt mən adi Elnur Məmmədli, 200 min isə az pul deyildi. Mən ona rədd cavabı verdim. Çünki mənim üçün əsas məsələ Azərbaycanın bayrağı, himni idi. İndi o, bizim dostumuzdur. Özü ilə imkan düşdükcə görüşürük".
Artıq karyerasını başa vurmuş idmançının sözlərinə görə, 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi olduqdan sonra ona pul mükafatı və mənzil verilsə də, bu hədiyyələr də onu dəyişdirməyib.
Qeyd edək ki, 2007-ci ildə Braziliyada keçirilmiş dünya çempionatında Elnur Məmmədli 73 kq çəki dərəcəsində gümüş medal qazanıb. Onun yarımfinalda qarşılaşdığı türkiyəli cüdoçu isə Sezer Huysuz olub. Hər iki cüdoçu artıq karyerasını başa vurub. Huysuz hazırda Türkiyə Cüdo Federasiyasının prezidenti, Məmmədli isə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.