
Uruqvay yığmasının hücumçusu Luis Suares 9 oyunluq diskvalifikasiya olunub. Sportnet.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, onun yaxın 4 ayda futbolla bağlı hər hansı bir fəaliyyətinə də qadağa qoyulub.
Bu cəzaya uruqvaylı futbolçu İtaliya yığmasının müdafiəçisi Corco Kyellinini dişlədiyinə görə məruz qalıb. Futbolçunun cəza müddəti Uruqvay yığmasının Kolumbiya ilə 1/8 final qarşılaşmasından hesablanmağa başlayacaq. 9 oyunluq cəza beynəlxalq görüşlərə şamil olunub.
Suares maddi cəzaya da məruz qalıb. O, 100 min İsveçrə frankı ödəməlidir. Eyni zamanda, Suaresə 4 ay ərzində futbol meydanlarında görünməyə də qadağa qoyulub.
Uruqvay Futbol Federasiyası FİFA-nın qərarına etiraz ərizəsi verə bilər. Lakin bütün hallarda futbolçu Kolumbiya ilə görüşü buraxacaq.