"İspaniyanın məğlub olacağını tək mən yox, heç kim gözləmirdi. Bu da artıq Hollandiyanın dünya çempionatının favoritlərindən biri sayıldığını göstərir". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib.
27 yaşlı müdafiəçinin fikrincə, Hollandiyaya 1:5 hesablı məğlubiyyət son dünya çempionlarının işini çətinə salıb: "İspaniya Çili və Avstraliya ilə keçirəcəyi növbəti oyunlarda mütləq qələbə qazanmalıdır ki, qrupdan çıxma şansını saxlasın. Ona görə də dünənki məğlubiyyət onların işini çox çətinə saldı. İndi qrupdan kimin çıxacağını söyləmək çox çətindir. Çili də yaxşı komandadır, Avstraliya üzərində qələbə qazandı. Gərək növbəti turda İspaniya Çili ilə ən azı heç-heçə etsin ki, qrupdan çıxmaq şanslarını saxlasın. Məncə, şanslar 50/50-yədir. Daha o qədər də ümidli deyiləm ki, İspaniyanın qrupdan çıxmaq şansı qalır".
Abışov mundial öncəsi Braziliya və İspaniyanı favorit qismində göstərsə də, fikirlərində yanıldığını etiraf edib: "Dünənki oyundan sonra yanıldım. Amma indidən finalda kimi gördüyümü demək olmaz. Çempionatın cəmi 2 oyun günü arxada qalıb. Həm də ilk oyunlar bir az çətin olur. Komandalar qrupun son oyunlarında daha yaxşı formada olacaqlar. Bundan sonra kimin qalib olacağına dair dəqiq fikir bildirmək mümkündür. Bütün qrupdakı oyunları gördükdən sonra bilmək olar ki, hansı milli daha yaxşı oyun göstərir və çempionluğa daha iddialıdır".