«Qəbələ» Atıcılıq Klubu 21-28 oktyabr tarixlərində daha bir mötəbər turnirə ev sahibliyi edəcək. Sportnet.az-ın məlumatına görə, olimpiya atıcılıq növləri üzrə Dünya Kubokunun final yarışlarına (ISSF WORLD CUP FINAL 2014 ) ev sahibliyi edəcək.
Yarış «Qəbələ» Atıcılıq Klubunun, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qəbələdə baş tutacaq.
Bölgədə baş tutacaq turnir Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və dünya çempionatından sonra ən mühüm yarış hesab olunur və bu səbəbdən medallar uğrunda mübarizə aparacaq ölkələrin sayı 40-a çatıb. Qonaqlar arasında Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya, baş katibi Frants Şrayber, Avropa Atıcılıq Konfederasiyasının prezidenti Vladimir Lisin və digər rəsmi şəxslər də olacaq.
Dünya Kubokunun final yarışları 7 mərhələdən ibərətdir və il ərzində Tukson (ABŞ), Fortbenninq (ABŞ), Münhen (Almaniya), Qranada (İspaniya), Maribor (Sloveniya) və Almatı şəhərlərində (Qazaxıstan) keçirilib. Güllə və stend atıcılığı növləri üzrə bu yarışların nəticələrinə görə ən yüksək reytinq toplaşmış 280 idmançı Qəbələyə gələcək.
Ölkəmizi isə bu yarışlarda Nurlanə Cəfərova və Emin Cəfərov (hər ikisi dairəvi stend), İradə Aşumova və Ruslan Lunyov (hər ikisi güllə atıcılığı) təmsil edəcəklər.
23-27 oktyabr tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı «ISSF TV» vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, oktyabr 22-də Heydər Əliyev adına Konqres Mərkəzində turnirin rəsmi açılış mərasimi keçiriləcək.