Sinqapurda Beynəlxalq Olimpiya Komitəsi (IOC) və Beynəlxalq Esport Federasiyasının zirvə toplantısı keçirilib.
Azərbaycan Kiberidman Federasiyasından Sportnet.az-a verilən məlumata görə, tədbirdə qurumun rəhbəri Ramil Əliyev iştirak edib.
Toplantıda bu idman növünün qısa zamanda əldə etdiyi nəticələr və gələcək planlar barədə danışılıb. Bildirilib ki, hazırda dünya üzrə 453.8 milyon nəfər auditoriyaya sahib olan kiberidmanın fəaliyyət müddətində ilk dəfə dövriyyə büdcəsi 1 milyard dolları keçib.
Zirvə toplantısında kiberidmanın böyük potensiala sahib olduğu vurğulanıb və IOC dünya idman federasiyalarını bu sahəni idman növü kimi qəbul etməyə səsləyib.
Qeyd edək ki, 2022-ci ildə Çinin Xançjou şəhərində keçiriləcək 19-cu Asiya Yay Oyunlarının proqramına daxil edilən kiberidman, 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramına da əlavə oluna bilər.