Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Fransanın Montpellier şəhərində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
Azərbaycan Qış İdman Növləri Federasiyasının Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, 21 yaşlı idmançı qısa proqramda 85.83 xala layiq görülüb.
30 idmançı arasında 13-cü yeri tutan Litvintsev növbəti mərhələyə yüksəlib və martın 26-da sərbəst proqramda iştirak hüququ qazanıb.
Qeyd edək ki, martın 21-də start götürən mundialda Azərbaycanı Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə yığmanın üzvləri Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy təmsil edir.
Ryabova martın 25-də sərbəst proqramda çıxış edəcək. Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy isə 25-26 martda qısa və sərbəst proqramda məharətlərini göstərəcəklər. Dünya çempionatı martın 27-də başa çatacaq.