“Dostlarım zarafatla deyirlər ki, mən Parisdə bilərəkdən ikinci yeri tutmuşam ki, növbəti Olimpiadada qızıl medal qazanım”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan taekvondoçusu Qaşım Maqomedov deyib.
O, Rusiyanın TASS agentliyinə açıqlamasında zədələndiyi üçün finalda uduzduğu və gümüş medalla kifayətləndiyi Paris-2024 Yay Olimpiya Oyunlarını xatırlayıb: “Etiraf edim ki, Fransa paytaxtında birinci yeri tuta bilmədiyim üçün özümü bir az məyus hiss edirəm. Adətən gümüş medal qazanmaq bürünc almaqdan daha üzücü olur. Amma mənim vəziyyətimdə bu, üçqat xoşagəlməz idi. Çünki finaldakı rəqibim mənə çox tanış idi, mən bu koreyalının döyüş tərzini bilirəm və əvvəlki yarışlarda məğlub etmişəm. Finalda onunla qarşılaşmağı çox istəyirdim, əlverişli rəqib olduğunu düşünürdüm. Buna görə də dayanaq özümə inamla çıxdım, amma elə ilk dəqiqədə zədələndim”.
58 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov Olimpiadanın finalında Cənubi Koreya təmsilçisi Park Tae-Cuna uduzduğu döyüşdəki zədəsinə aydınlıq gətirib: "Rəqibim təsadüfən dizi ilə məni fibulaya vurdu. Bundan sonra mübarizəni davam etdirə bilmədim. Sınıq şübhəsi də var idi. Amma sonradan həkimlər sümüklərin əzilməsi diaqnozunu qoydular. Zərbədən sonra çox istəyirdim ki, döyüşü davam edim. Amma həyatımda ilk dəfə ayağım “söndü”. Bunadək idman karyeramda heç vaxt belə durumla üzləşməmişdim”.
İdmançımız gələcək karyerası ilə bağlı da fikirlərini bildirib: “Əlbəttə ki, idmançı karyeramı davam etdirmək niyyətindəyəm. Buna görə də məşq edirəm. İnanıram ki, olimpiya qızılı qazanılana qədər bu iş bitməyəcək. 25 yaşım var, hələ barıtım qalıb. Bunun üçün çalışacağıq. Parisdə qazandığım və deqradasiyaya uğramış gümüş medal Los-Anceles-2028-də qızıl almaq üçün əlavə stimul olacaq”.
Qaşım aşınan medala həssas yanaşdığını da vurğulayıb: “Ola bilər ki, karyera ərzində yalnız bir Olimpiya medalın olsun. Buna görə də şəxsən mən mükafata həssas yanaşıram. Medal təqdim olunan andan mümkün qədər onu maksimum qorumağa çalışdım, heç kimə vermədim, heç yerdə qoymadım. Lakin tezliklə gördüm ki, medalın qələbə ilahəsi Nikanın əks olunduğu tərəfində bir yerdə aşınma var. Həmişə belə şeylərə fikir verən insan olsam da, öncə ehtiyatsızlıqdan medalı qoruya bilmədiyimi düşündüm. Çünki hər kəs medala toxunmaq istəyirdi. Vəziyyətə əhəmiyyət verməyib, mükafatımı qorumağa davam etdim”.
Maqomedov sonradan vəziyyətin dəyişdiyinə də toxunub: “Mən özüm Dağıstandanam və Azərbaycandakı təlim-məşq toplanışına hazırlaşanda medalı da özümlə götürmək qərarına gəldim. Çünki bəzi tədbirlərdə mükafatımla birlikdə iştirak etmək mənim üçün faydalı ola bilər. Medalı saxladığım qutudan çıxaranda onun mis çəhrayı rəng almağa başladığını gördüm. Buna çox üzüldüm və təəccübləndim. Axı medala çoxdan heç kim toxunmurdu. Mükafatla birlikdə olan qutuda fransız dilində yazılan və 2026-cı ilin iyuluna qədər nəzərdə tutulan zəmanət kağızı gördüm. Bundan sonra medalda nəyinsə məni qane etməyəcəyi halda dəyişmək imkanımın olduğunu başa düşdüyün üçün sevindim”.
Qaşım Bakıya gəldikdə Milli Olimpiya Komitəsindən onunla əlaqə saxlayaraq medalın vəziyyəti ilə maraqlanıblar: "Cavab verdim ki, hələlik medalım az-çox normal görünür. Amma daha yaxşı olmasını istədiyimi qeyd etdim və ardınca mükafatın şəkillərini göndərdim. Tezliklə mənim medalım da dəyişdirilməli olan mükafatlar siyahısına salındı. Lakin vurğulayım ki, Olimpiya Oyunlarında mükafatçılar sırasına düşmək medalın özündən qat-qat vacibdir. Mükafat sadəcə gözlər üçün xoş bir aksesuardır. Parisdə əldə etdiyim ən qiymətli şeylər mənim daxilimdədir”.
Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsi yanvarın 23-də medalların keyfiyyətinin pisləşməsi ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (IOC) rəsmi müraciət göndərib.