
Azərbaycan cüdoçuları Hidayət Heydərov və Zelim Kotsoyevin Paris-2024 Yay Olimpiya Oyunlarından sonra iştirak edəcəkləri ilk yarış məlum olub.
Sportnet.az xəbər verir ki, bu barədə Teleqraf-a federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
Onun sözlərinə görə, hər iki olimpiya çempionu 23 - 26 apreldə Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına qatılacaq. Heydərov 73 kq, Kotsoyev isə 100 kq çəki dərəcəsində mübarizə aparacaq. Hazırda onlar Azərbaycanın digər aparıcı cüdoçuları ilə birlikdə Yaponiyada təlim-məşq toplanışındadırlar.
"Əslində Yaponiyadakı üç həftəlik toplanışın ardından onların ilk yarışı aprelin əvvəllərində Türkiyənin Antalya şəhərində keçirilməli olan Böyük Dəbilqə idi. Biz planı belə qurmuşduq. Təəssüf ki, bu turnir bizə məlum olmayan səbəblərdən ləğv olundu. Biz də planı dəyişmək istəmədik. Amma əslində 13 - 20 iyunda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatı öncəsi Avropa çempionatı da yaxşı bir sınaq yarışı olacaq", - deyə Rəsullu vurğulayıb.
Qeyd edək ki, Paris olimpiadasında Hidayət Heydərov 2024-cü il iyulun 29-da, Zelim Kotsoyev isə iyulun 30-da qızıl medal qazanıb.