
Cüdo üzrə 5 qat olimpiya çempionu Teddi Riner Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına qatılmayacaq.
Sportnet.az xəbər verir ki, 36 yaşlı idmançı X hesabındakı paylaşımında zədəli olduğunu bildirib.
100 kq-dan yuxarı çəkidə çıxış edən fransalı cüdoçu Paris-2024 Yay Olimpiya Oyunlarından sonra fərdi yarışlarda mübarizə aparmayıb. Yanvarda o, sağ dirsəyindən əməliyyat olunub.
Riner tamamiyə yüksək səviyyədə çıxmaqdan ötrü fiziki və mənəvi cəhətdən hazır olmasının vacibliyini açıqlayıb: "Böyük yarışdan imtina asan deyil. Lakin bu, komandamla birlikdə qəbul edilən düşünülmüş qərardır. Güclü olmaq üçün hər gün işləyirik. Hədəfim aydındır: 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunları. Ora ən yaxşı vəziyyətdə yollanmaq istəyirəm".
Qeyd edək ki, Teddi Riner London (2012), Rio-de-Janeyro (2016), Tokio (2021) və 2 dəfə Paris (2024) Yay Olimpiya Oyunlarının qalibi olub. O, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olub. 100 kq-dan yuxarı çəkidə Azərbaycanın əsas cüdoçusu Uşangi Kokauri sayılır.
Dünya çempionatı 13 - 20 iyunda keçiriləcək.