"Burada döyüşmək özünü göstərmək hər bir idmançının arzusudur, bura başqa səviyyədir. Şükürlər olsun, mənə də qismət oldu".

 

Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Tofiq Musayev Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.

 

36 yaşlı azərbaycanlı yarışa çox yaxşı hazırlaşdığını bildirib: "Əlimdən gəlıni edəcəyəm ki, ölkəmizi yaxşı təmsil edim. Sırf rəqibimə uyğun hazırlaşmışam. İnanıram ki, zəfər bizim olacaq. Bu yaş mənim üçün sadəcə, rəqəmdir. Yaşı düşünən üçün heç UFC-yə gəlməyin adı yoxdur”.

 

Musayev layiqli rəqiblə qarşılaşacağını bildirib: “Düşünürəm ki, mənə layiq rəqibdir. Heç vaxt zəif rəqiblə döyüşmək istəməmişəm. Müsahibələrimə baxsanız, ancaq güclü ilə qarşılaşmaq istəmişəm. Rəqibi analiz etmişəm, baxmışam. O da bizi ciddi qəbul edir və etməlidir. Bir-birimizə layiq rəqiblərik. Qarşılaşmaya gəlincə, hər bir döyüşçünün öz planı var. Necə başlasaq, elə də bitəcək. Titula gedən yolu bu rəqibi keçəndən sonra tam açıqlaması ilə deyə biləcəyəm".

 

O, döyüşöncəsi mətbuat konfransının əhəmiyyətindən də danışıb: “Bu, hər bir döyüşçü üçün reklam və tanıtım xarakteri daşıyır. UFC-nin digər turnirlərdən fərqi budur. Bizim atdığımız addım ölkəmiz və bayrağımız üçündür. Bunjn ardı gələcək və gəlməlidir. Bizdən sonra gənc idmançılar bura can ataraq, öz güclərini sımamalıdırlar. Biz onlar üçün yol açırıq. Azərbaycanlı azarkeşlərin fərqini iyunun 21-də görəcəksiniz".

 

Musayev heç bir rəqiblə döyüşdən imtina etmədiyini diqqətə çatdırıb: "Karyeramda kimdənsə imtina etdiyim olmayıb. Bunu özümə yaraşdırmıram. O döyüş rəsmi olmadığına görə qırğızlar bunu paylaşmışdılar. UFC onu təsdiq edəndən sonra fərqi yoxdur, TOP-5-də olsun, Oralbaydan güclü olsun, heç kimdən imtina etməyəcəkdim".

 

"Hobbiniz pinq-ponqdur. Bu, sizə necə kömək edəcək" sualının qarşılığında isə Musayev gülərək, "Bilmrəm necə cavab verim” söyləyib.

Qeyd edək ki, Tofiq Musayev yüngül çəki dərəcəsində Mıktıbek Oralbayla qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.