
“Özümü yaxşı hiss edirəm”
Sportnet.az xəbər verir ki, bunu MMA döyüşçüsü Nazim Sadıxov Bakıda təşkil olunan “UFC Döyüş Gecəsi”ndə ABŞ təmsilçisi Nikolas Mottanı nokautla məğlub etdikdən sonra mətbuat konfransında deyib.
O, döyüşdən əldə edəcəyi məvacib barədə söz açıb: “Bu pulu xeyirli işlərə sərf etmək istəyirəm. Özümə, ailəmə və başqalarına xeyir vermək istəyirəm. Bahalı maşın üçün hələ hazır deyiləm”.
Sadıxov yüngül çəki dərəcəsinin çətin olduğunu söyləyib: “Amma düşünürəm ki, TOP-10-da ola bilərəm”.
O, Qarabağa səfər edəcəyini bildirib: “Hələlik Azərbaycanda qalmağı düşünürəm. Qohumlarımla görüşməliyəm. Şuşaya getmək istəyirəm. Bir-iki həftə dincələcəyəm. Sonra məşqlərə başlayacam”.
Sadıxov azərbaycanlı azarkeşlərə təşəkkür edib: “Bakıya gələndən hamı kömək əlini uzadıb. Burada hamı mənə qayğı göstərir. Bu, çox xoşdur. Bunu unutmayacağam”.