
Azərbaycan boksçusu Əminə Tağı Avropa çempionu tituluna yiyələnib.
Sportnet.az xəbər verir ki, 50 kq çəkidə mübarizə aparan idmançı bu uğura Serbiyanın Novi Pazar şəhərində yeniyetmələr arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda ermənistanlı Amest Afrikyanı məğlub edib. Boksçumuz rəqibinə 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27) hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və şərəfinə Novi Pazarda Azərbaycan himni səsləndirilib.
Digər qız boksçulardan Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq), Səma Abbasova (66 kq) gümüş, Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) bürünc medal qazanıblar.
Beləliklə, qızlardan ibarət Azərbaycan millisi Avropa birinciliyini 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yarışın altıncı günündə Səfdər Məmmədzadə (+80 kq) isə adını finala yazdırıb. O, yarımfinalda belaruslu Kirill Jukovskiyə tam üstünlüklə qalib gəlib. Məmmədzadə həlledici görüşdə rusiyalı Boqdan Smolkinlə döyüşəcək.
Qeyd edək ki, Az\rbaycanın oğlan boksçularından daha öncə Qardaş Rəhimov (46 kq), Məhəmməd Rəsulov (50 kq), Raul Heydərli (54 kq), Şahin Aslanlı (60 kq) və Haqverdi Həsənov (63 kq) bürünc medala sahib olublar.