
Bilalhəbaşi Nəzərov Azərbaycan boks tarixinə düşüb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, millinin 18 yaşlı üzvü Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanaraq, gənclər arasında 2 dəfə bu titulu əldə edən ilk Azərbaycan boksçusu olub.
Bir il öncə Xorvatiyanın Poreç şəhərində qitənin ən güclüsü adına yiyələn Nəzərov Ostravada da rəqib tanımayaraq, ardıcıl ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Astara boks məktəbinin yetirməsi hər iki qızıl medalı millinin baş məşqçisi Elbrus Rzayevin rəhbərliyi altında əldə edib.
Çexiyadakı Avropa çempionatı qız boksçular üçün də əlamətdar olub. Ölkə tarixində ilk dəfə komanda medal, özü də ikisini birdən qazanıb. İlkin Ağayevin baş məşqçisi olduğu millidə Banuçiçək Nəsirli (48 kq) gümüş, İlkanə Əhmədova (+80 kq) bürünc mükafata yiyələnib.
U-19-ların Avropa çempionatında Azərbaycan millisi 5 medal qazanmaqla 16 illik tilsimi də qırıb. Bu, 13 qitə birinciliyindən sonra reallaşıb.
Qeyd edək ki, yığmanın digər medallarını Zidan Hümbətov (55 kq) və Sübhan Babayev (60 kq) qazanıb. Onlar Avropa çempionatında 3-cü yeri tutublar.