Monteneqronun Budva şəhərində boks üzrə keçirilən U-15 Avropa çempionatına yekun vurulub.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 32 ölkədən 369 idmançının qatıldığı yarışı 2 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Xumar Cəfərli (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda Yağmur Eryurtu (Türkiyə) 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub etməklə Budvada Azərbaycan himnini səsləndirib. Beləliklə, ölkənin boks tarixində ilk dəfə qız idmançı U-15 Avropa çempionatının qalibi adına yiyələnib.
Onun uğurunu Mehran Rəsulov (80 kq) da təkrarlayıb. Finalda Sergiy Kotovskini (Ukrayna) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edən azərbaycanlı boksçu qızıl medala layiq görülüb. Bu, Rəsulovun karyerasında Avropa birinciliklərinin 3-cü mükafatı olub. O, əvvəllər 2 dəfə bürünc medal əldə edib.
Digər boksçulardan Nəsrin Abdullazadə (40 kq), Nurlan Müseyibli (66 kq), Yusif Ağakişiyev (75 kq) gümüş, Onur Qurbanov (42 kq), Elcan Musazadə (50 kq) və Ərdəm Təkin (90 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan millisi komanda hesabında 6-cı yeri tutub.










































































