"2026-cı il dünya çempionatı üçün Bakıya qayıdışımıza çox şadıq".
Sportnet.az-ın məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer deyib.
O bildirib ki, mundialın Azərbaycanda keçirilməsi tədbirin həm tatamidə, həm də təşkilatçılıq baxımından yüksək səviyyədə gerçəkləşəcəyinə zəmanət verir: "Azərbaycan uzun illər boyunca özünün idmanda üstünlüyünü nümayiş etdirir. Misal olaraq, Paris-2024 Yay Olimpiya Oyunlarında iki qızıl medalı və hər il Bakıda keçirilən Böyük Dəbilqə kimi iri tədbirlərə yüksək səviyyədə ev sahibliyini göstərmək olar. Bakıdakı dünya çempionatı cüdonu yeni səviyyəyə qaldıran əsl beynəlmiləl bayram olacaq".
Qeyd edək ki, dünya çempionatı 4 - 11 noyabr 2026-cı ildə keçiriləcək. Daha əvvəl Bakı 2018-ci il mundialına da ev sahibliyi edib.














































































