Səudiyyə Ərəbistanının paytaxtı Ər Riyadda keçirilən İslam Həmrəyliyi Oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu gündə sərbəst güləşdə 4 çəki üzrə mübarizə baş tutub.
Azərbaycan güləşçilərinin hər biri fəxri kürsüyə qalxıb.
Ağanəzər Novruzov (74 kq) debütdə türkiyəli dünya üçüncüsü Fazlı Eryılmaza 6:3 hesabı ilə, daha sonra isə uqandalı Rocers Mukyedaya tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Bəhreynli Maqomedrasul Asluyevlə görüşdə 0:5 hesabı ilə geridə olan Novruzov sonuncu dəqiqədə əzmkar qələbə qazanıb – 7:5. Finalda iranlı Yunis İmamiçoğayiyə (0:5) məğlub olan azərbaycanlı pəhləvan gümüş medala sahib çıxıb.
Arseniy Cioyev (86 kq) startda ikiqat dünya çempionu Kamran Qasempurla üz-üzə gəlib. İranın titullu güləşçisinə 5:3 hesabı ilə qalib gələn Cioyev əlcəzairli Benfercallah Fatehə heç bir şans tanımayıb – 11:0. Yarımfinalda tacikistanlı Maqomet Yevloyevi və finalda bəhreynli Xıdır Saypudinovu 5:1 hesabı ilə üstələyən azərbaycanlı pəhləvan Ər Riyadda himnimizi səsləndirib.
Maqomedxan Maqomedov (97 kq) 1/4 finalda qazaxıstanlı dünya çempionu Rizabek Aytmuxana (2:12) uduzub. Rəqib finala yüksəldiyi üçün təsəlliverici görüşə çıxan Maqomedov misirli Mohamed Salaheldinə tam üstünlüklə (18:6) qalib gəlib. Bürünc medal uğrunda görüşdə isə olimpiya və dünya çempionu Ahmed Tajudinov xalçaya çıxmadığından, o, üçüncü yeri tutub.
Georgi Meşvildişvili (125 kq) özbəkistanlı Həsənboy Rəhimovla görüşdə 7:5 hesabı ilə öndə olarkən rəqib zədələndiyi üçün növbəti mərhələyə adlasa da, bəhreynli Shamil Sharipovla gərgin mübarizə şəraitində keçən qarşılaşmada minimal fərqlə (6:7) məğlub olub. Təcrübəli yığma üzvü misirli Abdelrahman Şeyatana 5:0 hesabıyla qalib gələrək bürünc medalı boynundan asıb.
Beləliklə, sonuncu yarış günündə Azərbaycan güləşçiləri 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. Ümumilikdə 4 gün boyunca idmanın bu növündə 2 qızıl, 5 gümüş və 4 bürünc olmaqla 11 medal əldə edilib.














































































