Rusiyalı cüdoçulara beynəlxalq turnirlərdə öz ölkələrinin bayrağı altında çıxış etmək hüququ qaytarılıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsi qərar qəbul edib.
“Beynəlxalq Cüdo Federasiyası (IJF) böyük geosiyasi təzyiq dövründən məsuliyyətlə keçərək cüdo ailəsinin birliyini, eləcə də bütün ölkələrin idmançıları üçün yarışların təhlükəsizliyini və ədalətliliyini qoruyub. Son hadisələri, o cümlədən belaruslu idmançılar üçün tam milli təmsilçiliyin bərpasını nəzərə alaraq, IJF rusiyalı idmançıların da bərabər şərtlərlə iştirakına icazə verməyi məqsədəuyğun hesab edir. Rusiya tarixi olaraq dünya cüdosunun aparıcı ölkələrindən biridir və onun tam qayıdışı bütün səviyyələrdə yarışları zənginləşdirəcək, eyni zamanda IJF prinsiplərini — ədalət, inklüzivlik və hörməti dəstəkləyəcək", - deyə qurumun rəsmi saytında bildirilir.
IJF İcraiyyə Komitəsi rusiyalı idmançıların 2025-ci ildə Əbu Dabidə keçiriləcək Böyük Dəbilqədən başlayaraq, milli bayraq, himn və simvolikaları ilə yarışmasına yenidən icazə verilməsi üçün səs verib.












































































