Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan milli komandasının üzvləri Heydər Əliyev Mərkəzi və Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, cüdoçular əvvəlcə Heydər Əliyev Mərkəzində olublar.
Yığma üzvlərinə mərkəzin memarlıq konsepsiyası, burada təşkil olunan beynəlxalq sərgilər və Azərbaycanın müasir inkişaf mərhələsini əks etdirən ekspozisiyalar barədə ətraflı məlumat verilib.
İdmançılar Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən bölmələrlə tanış olub, Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti və incəsənətini nümayiş etdirən eksponatlara böyük maraq göstəriblər. Ekskursiya çərçivəsində gənc idmançılar üçün maarifləndirici təqdimat da təşkil olunub.
Daha sonra millinin üzvləri Azərbaycan xalçaçılıq sənətinin incilərini özündə birləşdirən Azərbaycan Milli Xalça Muzeyini ziyarət ediblər. İdmançılar burada qədim dövrlərdən bu günə qədər uzanan xalçaçılıq ənənələri, müxtəlif bölgələrə aid ornament və kompozisiyalar haqqında məlumatlandırılıblar.
Ziyarətin əsas məqsədi yeniyetmə idmançıların dünyagörüşünün artırılması, onların milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunması və Azərbaycan mədəni irsi ilə yaxından tanış edilməsidir.