"Sərhədçi" İdman Mərkəzində karate üzrə Qran Prinin açılış mərasimi baş tutub.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, üç gün davam edəcək yarışda 6 ölkənin ümumilikdə 700-dək idmançısı iştirak edib.
Mərasim iştirakçı komandaların musiqi sədaları altında arenaya daxil olması ilə başlayıb. Daha sonra yarışın baş hakiminin Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti, 8-ci dan qara kəmər ustası və Milli Məclisin deputatı Ülvi Quliyevə raportu təqdim olunub.
Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ü.Quliyev açılış nitqində turnirin əhəmiyyətindən bəhs edərək bildirib ki, belə beynəlxalq yarışlar ölkədə idmanın inkişafına, idmançılar arasında təcrübə mübadiləsinə və Azərbaycanın idman nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verir.
Yaponiyanın Azərbaycandakı səfiri də çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Çıxışlardan sonra qonaqlara AKF-nin hazırladığı xatirə hədiyyələri təqdim olunub.
Açılış mərasiminin bədii hissəsində milli və müasir rəqs nömrələri, eləcə də yeniyetmələrdən ibarət komandanın kata üzrə nümunəvi çıxışı nümayiş etdirilib.
Bədii hissənin ardından final qarşılaşmalarına start verilib və qaliblərin mükafatlandırılması mərhələli şəkildə həyata keçirilib. Təltifetmə mərasimlərində AKF rəhbərliyi, dövlət qurumlarının nümayəndələri və beynəlxalq qonaqlar iştirak ediblər. Qaliblərə medal, diplom və xatirə hədiyyələri təqdim olunub.






























































































