Çinin Tsindao şəhərində keçirilən Qran Prinin yarışın ilk günündə Azərbaycan millisinə qızıl medal qazandıran cüdoçu İlqar Müşkiyev fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində qalib olan İlqar Müşkiyev Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlamasında yarışa yüksək səviyyədə hazırlıq keçdiklərini bildirib.
O, yeni rəhbərliyin göstərdiyi qayğının nəticəsində artıq yüksək yerlər uğrunda mübarizə apardıqlarını söyləyib: "Bugünkü uğurlar göstərdi ki, düzgün yoldayıq. Olimpiadalar öncəsi bütün yarışlar gərgin keçir. Bu yarış da istisna deyildi. Artıq zaman göstərir ki, yüksək nəticə qazanmağa layiqiq və bu gün də bunu sübut etdik".
Müşkiyev rəqiblərindən heç birini xüsusi fərqləndirmək istəməyib. Onun fikrincə, cüdo artıq o dərəcədə inkişaf edib ki, hansısa idmançını xüsusi qeyd etmək düzgün çıxmaz: "Bütün görüşlərə final kimi yanaşırdım. Rəqiblərim də güclü idmançılar idilər. Qazaxstan cüdosu son zamanlar çox inkişaf edib, 60 kq çəki dərəcəsində 4 güclü rəqib var. Bu yarışdakı rəqibimin döyüş üslubu mənimkinə çox uyğun olduğundan, açıq mübarizəyə üstünlük verdik. Rəqibin sonda yorulması görüşü öz xeyrimə bitirməyimə şərait yaratdı”.
Müşkiyev ikinci qarşılaşmasında komanda yoldaşı Orxan Səfərovla üz-üzə gəlib. O bildirib ki, Səfərov 60 kq çəki dərəcəsində öz sözünü deyən idmançılardandır. Baxmayaraq ki, 5 aydır zədəsinin bərpası ilə əlaqədar yarışlarda iştirak etmirdi: "Döyüşümüz çox gərgin keçdi”.
Aparıcı cüdoçu gələn həftə Cənubi Koreyada keçiriləcək Qran Pri barədə də fikirlərini bildirib: "Çindəki yarışın ilk günü göstərdi ki, hazırlığımız yüksək səviyyədədir və fikrimcə, Koreyada da medallar uğrunda mübarizə apara biləcəyik. Hər səhər 4 saat ümumi fiziki hazırlığın nəticəsinin bəhrəsi artıq görünməkdədir. Bu tempdə davam etməyə çalışacağıq".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |