Azərbaycanın cüdo üzrə milli komandası Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında çıxışını başa vurub. Sportnet.az-ın məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından önəm daşıyan yarışın üçüncü günündə Azərbaycanın 4 cüdoçusundan heç biri medal qazana bilməyib.
İlk olaraq döşək üzərinə 100 kq-da mübarizə aparan Elxan Məmmədov çıxıb. O, rusiyalı Adlan Bisultanovla görüşdə ipponla qalib gələrək adını növbəti mərhələyə yazdırıb. 1/8 finalda Məmmədovun rəqibi Böyük Britaniya idmançısı Benjamin Fletçer olub. Məmmədov rəqibinə ipponla uduzub və mübarizəni dayandırıb. Eyni çəkidə çıxış edən Elmar Qasımov isə 1/8 finala təsadüf edən ilk görüşündə Artyom Bloşenkonu (Ukrayna) yensə də, 1/4 finalda Henk Qrola (Hollandiya) uduzub. Qasımov bürünc medal uğrunda ilk təsəlliverici görüşündə latviyalı Yevgeni Borodavkoya qalib gəlsə də, estoniyalı Qriqori Minaskinə cərimə xalı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.
Azərbaycanın daha bir cüdoçusu Uşanqi Kokauri (+100 kq) 1/16 finalda litvalı Marius Paskeviçiusla münasibətlərinə aydınlıq gətirib və ipponla qalib gələrək 1/8 finala yüksəlib. Lakin Kokauri 1/8 finalda israilli Or Sassona məğlub olub.
90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finaldan mübarizəyə qoşulub. Onun ilk rəqibi ukraynalı Quedjau Nhabali olub. Mehdiyev uduzaraq, mübarizəni dayandırıb.
Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 2 medalla başa vurub. İlk yarış günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb. Turnirin ikinci günündə isə Rüstəm Orucov 73 kq çəkidə qızıl medala yiyələnib.