İyulun 2-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri start götürəcək. Sportnet.az-ın məlumatına görə, 2 gün davam edəcək turnirdə güləş üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri iştirak edəcək.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında 8 sərbəst güləşçi Almaniyaya yollanacaq. Heyətdə Mircəlal Həsənzadə (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq), Qitinamaqomed Hacıyev (70 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (hər ikisi 86 kq), Xetaq Qazyumov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.
Yarışın proqramına əsasən, iyulun 2-də 65 kq, 74 kq, 86 kq və 97 kq, iyulun 3-də isə 57 kq, 61 kq, 70 kq və 125 kq çəkidə güləşçilər yarışacaq.
Yunan-Roma güləşi yarışlarında isə yığma komandanın üzvü Rafiq Hüseynov (75 kq) iştirak edəcək və iyulun 2-də mübarizə aparacaq.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Əbdül Nuriyev təmsil edəcək.
Sahib Əsədbəyli
AFFA yanında Media Komitəsinin dəstəyi ilə hazırlanıb.