Bu gün Bakıda taekvondo üzrə Qran Pri turnirinin final mərhələsi başlayıb. Sportnet.az-ın məlumatına görə, "Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil edilən yarışın ilk günündə Azərbaycan milli komandasının iki üzvü çıxış edib.
Bunlar gənc Roman Samodurovla təcrübəli həmkarı Milad Beigi Harçeqani olub.
58 kq çəkidə çıxış edən Samorudov ilk döyüşdəcə uduzub. O, çəkisində reytinqdə ən güclü olan cənubi koreyalı Tae-hun Kimə məğlub olub.
80 kq çəkidə çıxış edən Milad Beigi Harçeqani isə ümidləri tam doğruldub. O, 1/8 finalda avstriyalı Hayder Şkara ilə 14:0 hesabı ilə qalib olduğu qarşılaşmada vaxtından əvvəl qalib elan olunub. "Rio-2016"nın mükafatçısı 1/4 finalda cənubi koreyalı Hun Kimi 17:1 hesabı ilə məğlub edib.
Harçeqani yarımfinalda meksikalı Rene Lizarraqa üzərində də böyük üstünlüklə qələbə qazanıb - 18:0. Təmsilçimizin finalda rəqibi
misirli Seif Eissa olub. Millimzin üzvü yenə vaxtından əvvəl qalib gəlib. O, 3-cü raundun əvvəlində hesabı 12:0-a çatdıraraq Qran-pri turnirinin qalibi olub. Reytinqinə 80 xal əlavə edilən Harçeqani 6000 ABŞ dollar məbləğində pul mükafatı qazanıb.
Qeyd edək ki, yarışın ikinci günü millimizin heyətində 3 idmançı mübarizəyə qoşulacaq. Bunlar Yaprak Eriş (57 kq), Ayxan Tağızadə (68 kq) və Radik İsayevdir (+80 kq).