Bakıdakı Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Maruis Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olunub.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Maruis Vizer mərasimdə çıxış ediblər.
R.Abdullayev rəhbərlik etdiyi qurumun adından hər kəsi salamlayıb: "Federasiya adından hər birininizi Bakıda keçirilən 2018-ci il dünya çempionatı münasibəti ilə salamlayır və yarış iştirakçılarına uğurlar arzulayıram. Füsunkar təbiətə və qədim tarixə malik Azərbaycan torpağına xoş gəlmisiniz".
Federasiya rəhbəri ölkədə idmana göstərilən dövlət qayğısından da danışıb: "Prezident İlham Əliyev cənablarının müdrik rəhbərliyi altında Azərbaycanda bədən tərbiyəsi və idmana göstərilən qayğı gündən-günə artır. Yeni idman kompleksləri tikilir, idmanın maddi-texniki bazası möhkəmləndirilir, bu istiqamətdə böyük layihələr həyata keçirilir. Azərbaycan artıq beynəlxalq qurumların etimadını qazanıb və bir sıra mötəbər tədbirlərə ev sahibliyi edib. 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, eləcə də bir çox idman növləri üzrə ölkəmizdə keçirilmiş dünya və Avropa çempionatları yüksək təşkilatçılıq səviyyəsi ilə dünya idman ictimaiyyətinin dərin rəğbətini qazanıb".
ACF prezidenti cüdo üzrə dünya çempionatının Azərbaycanda ilk dəfə təşkil olunması münasibətilə IJF-yə dərin minnətdarlığını bildirib. O, cüdonun Azərbaycanda populyarlıq qazandığını vurğulayıb: "İnanıram ki, bu möhtəşəm tədbir ölkəmizdə cüdonun daha geniş tətbiq olunması baxımından böyük əhəmiyyət daşıyacaq. Artıq deyə bilərik ki, cüdo Azərbaycanda populyar idman növlərindəndir və ölkəmizin bütün bölgələrində cüdo ilə məşğul olurlar. Əmin edirəm ki, Bakıdakı dünya çempionatı idmansevərlər üçün möhtəşəm bayrama çevriləcək. Azərbaycan azarkeşləri ilk dəfə dünyanın tanınmış cüdoçularını canlı izləmək fürsəti əldə edəcəklər. Şübhə etmirəm ki, çempionatın bütün iştirakçıları bu böyük idman mübarizəsində qazanılan nəticələrdən asılı olmayaraq, Azərbaycanı xoş təəssüratlarla tərk edəcəklər. Hamınıza unudulmaz anlar, güclü rəqabət və uğurlar arzulayıram”.
M.Vizer yüksək səviyyədə təşkilatçılığa görə Azərbaycana təşəkkür edib: "Zati-aliləri, cənab Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, ACF prezidenti Rövnəq Abdullayev, xanımlar və cənablar, hörmətli qonaqlar, idmançılar və tamaşaçılar! İcazə verin, IJF və cüdo ailəsi adından bu mötəbər tədbiri yüksək səviyyədə təşkil etdiyi üçün Azərbaycan Respublikasına öz təşəkkürümüzü ifadə edək. Bakıdakı yarış doğrudan da çox gözəldir. Dostluq və qonaqpərvərlik bütün iştirakçıları valeh edir. Azərbaycan yalnız yüksək iqtisadi göstəricələrə malik ölkə deyil. Azərbaycan eyni zamanda idman, incəsənət, mədəniyyət və digər sahələrə böyük sərmayə yatıran ölkədir. Bir çox mötəbər yarışlara ev sahibliyi edən və bir sıra idman layihələri həyata keçirən Azərbaycan dünyadakı yaşayışa töhfə verən bir dövlətdir. Hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, Bakı şəhərindən həzz alacaqsınız. Öz mədəniyyətinizlə yerli mədəniyyət arasında uyğunluq tapacaqsınız. Hər kəsə ən xoş arzularımı çatdırmaq istəyirəm. Təşəkkür edirəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Daha sonra qrafik video elementlərdən ibarət videoçarx nümayiş etdirilib. Ardınca Azərbaycan incəsənət xadimləri, əməkdar artistlər Sevda Ələkbərzadə, Şəhriyar İmanov və Babək Nifətliyevin, həmçinin cazmen, bəstəkar və pianoçu virtuoz Etibar Əsədlinin ifasında eksklüziv olaraq tədbir üçün hazırlanmış çıxışlar baş tutub. Sonra monitorlarla sintezlənmiş formada həyata keçirilən rəqs nömrəsi təqdim olunub.
Açılış mərasimi dünya şöhrətli italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 758 idmançı mübarizə aparır.
Azərbaycan çempionatda 9 kişi və 4 qadın idmançı ilə təmsil olunur.