Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında dördüncü günün döyüşləri yekunlaşıb.
Sportnet.az xəbər verir ki, 1/8 final mərhələsini Azərbaycan millisinin daha 1 üzvü adlayıb. 91 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayevin Vladiqafqazda ilk döyüşü qələbə ilə başa çatıb. O, gürcüstanlı Giorgi Tçikladzedən üstün olub – 5:0 (30:27, 30:27, 29:28, 30:26, 30:27). Abdullayev 1/4 finalda rusiyalı Vladislav Muravinlə üz-üzə gələcək. Görüş martın 13-də olacaq.
Daha əvvəl Ruslan Rüstəmov (60 kq) və Cəbrayıl Yelekov (81 kq) da 1/4 finala yüksəlib. Onlar müvafiq olaraq, Dmitri Tsaşkeviç (Belarus) və Kristin Nikolovla (Bolqarıstan) qarşılaşacaqlar.
Qeyd edək ki, sabah qadın boksçular arasında da 1/8 final görüşləri sona çatacaq. Yığma üzvlərindən Günel Rəhimova (48 kq) mərhələ adlamaq üçün rusiyalı Yekaterina Paltçeva ilə qarşılaşacaq.