Avqustun 25-də Yaponiyanın paytaxtı Tokio şəhərində start götürəcək cüdo üzrə dünya çempionatına hazırlıqlarını davam etdirən Azərbaycan millisinin üzvləri Macarıstanda təlim-məşq toplanışında olublar.
Sportnet.az-ın məlumatına görə, Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Fransa, Almaniya, Rusiya, Ukrayna, İtaliya, Cənubi Koreya, Monqolustan, Macarıstan, Çex Respublikası, Türkiyə, Braziliya və digər ölkələrin yığmaları qatılıb.
Tata şəhərində keçirilən hazırlıq prosesində həm kişilər, həm də qadınlardan ibarət yığma komandaların cüdoçuları iştirak ediblər.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 2-dək Tokioda keçiriləcək.