Azərbaycan karateçiləri Rafael Ağayev və İrina Zaretskanın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakları rəsmiləşib.
Azərbaycan Milli Karate Federasiyasından Sportnet.az-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) açıqladığı siyahıda 32 idmançı var. Beynəlxalq təşkilatın xüsusi olimpiya lisenziyalı reytinq cədvəlinin ilk dördlüyündə yer almaqla oyunlara birbaşa vəsiqə qazanan Ağayev 75 kq, Zaretska isə 61 kq-dan yuxarı çəki dərəcəsində yarışacaq.
Ağayevin rəqibləri arasında Bəhmən Əsgəri (İran), Luici Busa (İtaliya), Stanislav Horuna (Ukrayna) və təşkilatçı ölkənin nümayəndəsi Ken Nişimura var. Zaretskanın potensial rəqibləri sırasında isə Həmidə Abbasəli (İran), Elena Quirici (İsveçrə), Məltəm Hocaoğlu (Türkiyə) və Aymi Eukusa (Yaponiya) yer alır.
Qalan 5 rəqibdən üçü, həmçinin Azərbaycanın digər karateçilərinin olimpiya lisenziyasını qazanıb-qazanmayacaqları 26 - 28 iyunda Fransanın paytaxtı Parisdə xüsusi təsnifat turnirində məlum olacaq.