Macarıstanın paytaxtı Budapeşt şəhərində cüdo üzrə Böyük Dəbilqəyə yekun vurulub.
Sportnet.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verən nüfuzlu yarışın son günündə Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan təcrübəli cüdoçu 3-cü yer uğrunda qarşılaşmada Niderland nümayəndəsi Noel Van Endi məğlub edib.
Qeyd edək ki, yarışın 3-cü günü Budapeştdə Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Camal Feyziyev və Uşangi Kokauri də tatami üzərinə çıxıblar. Cüdoçular ilkin mərhələlərdə uduzaraq medalsız qalıblar.
61 ölkədən 409 cüdoçunun mübarizə apardığı mötəbər yarışın əvvəlki günlərində milli komandadan Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərov (66 kq) bürünc medal qazanıb.