“Buraya çempion olmağa gəlmişdim. Ötən il Avropa çempionatında bürünc medal qazanmışdım. Ona görə də bu dəfə hədəfim yalnız qızıl medal idi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal əldə edən Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
65 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Rusiya güləşçisinə məğlub olduğunu xatırladıb: "Hər halda, medalsız qalmadım. Buna da şükür. Qismət beləymiş. İnanıram ki, növbəti yarışlarda çempion olacağam. Əslində digər görüşlərim rahat keçdi. Düzdür, erməni güləşçiylə qarşılaşmada hesab 2:1 oldu. Hətta xəbərdarlıq xalı verilməsəydi belə ona qalib gələcəyimə əmin idim. Lazım olan xalı alacaqdım. Güləş üslubum belədir. Adətən xallarımı sona yaxın alıram. Gürcüstan güləşçisinə isə ümumiyyətlə, rahat qalib gəldim. Bürünc medal uğrunda görüşdə son 30-40 saniyəni gözləyirdim ki, fənd edib xalımı alım. Belə də oldu".
Rəhimzadə Rusiya güləşçisiylə görüşdə taktikanı düzgün qurmadığını deyib: "Əslində rəqibin üslubunu tam bilirdim. Ona uduzmamalıydım. Ancaq belə alındı. Hesabda 4:0 öndə idim. Amma bu hesab məndə arxayınlıq yaratmadı. Əksinə, tam üstünlüklə qalib gələ biləcəyimi düşünürdüm... İnşallah, hazırlaşıb Avropa, dünya və olimpiya çempionu olmağa çalışacağam”.