"Bu, mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında 92 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Qitə birinciliyində ilk dəfə iştirak edən idmançı bildirib ki, ilk görüş hər zaman çətin keçir: "Almaniya güləşçisinə qalib gəldikdən sonra daha da artırdım. İkinci görüşdə Bolqarıstan güləşçisinə qalib gəldim. Amma yarımfinalda Rusiya təmsilçisiylə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum. Növbəti günə kökləndim".
Nurməhəmmədov bürünc medal görüşünə də toxunub: "Nəyin bahasına olursa-olsun qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum. Növbəti dəfə çempion olmağa çalışacağam".
Yığma komandanın bütün məşqçilərinə və yüksək səviyyədə təlim-məşq toplanışı üçün şərait yaradan federasiya rəhbərliyinə təşəkkürümü bildirən güləşçi qazandığı medalı azarkeşlərə həsr etdiyini söyləyib.