"Özümə söz vermişəm ki, musiqi ilə bağlı danışmayacağam. Sadəcə, onu deyim ki, uşaqlıqdan tək muğama yox, xalq mahnılarına da marağım olub".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) musiqiyə marağı barədə Milli Antidopinq Agentliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.
3 qat dünya və 3 qat Avropa çempionu bildirib ki, bu, kiçik yaşlarından yaranan həvəs olub: "Az da olsa, piano və kamança kurslarına getmişəm. Zaman keçdikcə, böyüdükcə gördüm ki, musiqi mənim həyatımda hər şey demək deyil. Amma arada ürəyim istəyəndə mahnı oxuyuram. Bir-iki dəfə səhv edib verilişlərdə də oxumuşam (gülür)".
Qeyd edək ki, Hacı Əliyev son olaraq Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.