Cüdo üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Riçard Trautmanın yığma üçün gələcək inkişaf fəlsəfəsi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev açıqlama verib.
R.Nəbiyev bildirib ki, almaniyalı mütəxəssis onunla söhbətində sabit nəticələrin tərəfdarı olduğunu bildirib: "Trautman dedi ki, bizə üç-dörd ildən bir haradasa dünya çempionu olan cüdoçudansa, ardıcıl beş-altı il 5-ci yeri tutanların daha çox olması lazımdır".
Azərbaycanda cüdo üzrə yeganə dünya çempionu 2013-cü ildə Braziliyanın Rio-de-Janeyro şəhərində qızıl medal qazanmış Elxan Məmmədovdur. Son olimpiya çempionluğunu isə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında Elnur Məmmədli əldə edib.
Xatırladaq ki, Riçard Trautman Azərbaycan millisinə fevralın 28-də baş məşqçi təyin olunub. O, 1992-ci il Barselona və 1996-cı il Atlanta Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bundan başqa hollandiyalı mütəxəssis Mark Van Der Ham performans direktoru kimi fəaliyyətə başlayıb ("Report").