"Gec də olsa, öz vətənimə gəldiyim, bayrağımı təmsil edəcəyim üçün sevinirəm".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan millisinin yeni cüdoçusu Səid Mollayi deyib.
81 kq çəki dərəcəsində yer alan 31 yaşlı idmançı yığmaya gəlmək üçün özünün müraciət etdiyini bildirib: "Bunu çoxdan istəyirdim. Amma qismət belə oldu ki, indi gəldim. Bir az gec olsa da, özümə güvənirəm".
O, görüləsi işlərin çox olduğunu söyləyib: "Qarşımızda yalnız bir məqsəd var: Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlu çıxış etmək. Ümid edirəm ki, yaxşı nəticələr gələcək".
Azərbaycanda öz çəkisində uzun müddətdir uğurlu nəticələrin qazanılmamasından xəbərdar olan cüdoçu statistikaya çox da fikir vermədiyini vurğulayıb: "Önəmli olan beynəlxalq yarışlarda iştirak etmək və bayrağımız üçün mübarizə aparmaqdır. Hamımız bir nəfər kimi uğura köklənmişik".
Yığmanın baş məşqçisi Rixard Trautmandan da söz açan Mollayi təcrübəli mütəxəssislə çalışdıqlarını əlavə edib: "Federasiya bizə hər cür şərait yaradıb. Yaxşı sponsorlar var. Biz də bunun qarşılığını vermək istəyirik. Gün gələcək, Azərbaycandan yeni olimpiya çempionları çıxacaq".
Titullu idmançı millidə debüt edəcəyi vaxtı da açıqlayıb: "8 - 10 iyulda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Böyük Dəbilqədə mübarizə aparacağam".
Qeyd edək ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionu Səid Mollayinin 2 may 2022-ci ildən Azərbaycan bayrağı altında çıxış etməsinə rəsmi razılıq verib. IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. Hazırda o, 81 kq çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.
Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb. Bundan əlavə, o, müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, Böyük Dəbilqə turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.