Azərbaycanlı kikboksçu, K-1 növündə çıxış edən Zabit Səmədov Bakıda keçiriləcək vida döyüşü ilə bağlı tamaşaçılara müraciət edib.
"Report" xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Milli Gimnastika Arenasında keçiriləcək döyüş gecəsində azarkeşlərdən dəstək gözlədiyini bildirib.
Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da keçiriləcək. Yarış saat 18:00-da başlayacaq. Zabit Səmədov "Yekəayaq" ləqəbli braziliyalı sabiq UFC döyüşçüsü Antonio Silva ilə qarşılaşacaq. Bu, Səmədovun karyerasında sonuncu – 116-cı döyüşü olacaq. Qalib gələcəyi halda, ona Beynəlxalq Karate və Kikboksinq İdmanı Assosiasiyasının (ISKA) kəməri təqdim olunacaq.