
"Bu gün səhər ayılarkən, məndə tam əminlik var idi. Yuxuda görmüşdüm ki, dünya çempionuyam".
Sportnet.az-ın məlumatına görə, bunu Özbəkistanın paytaxtı Daşkənddəki dünya çempionatında 73 kq çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa Cüdo İttifaqının rəsmi saytına açıqlamasında söyləyib.
"Məni uduzmağa məcbur edən nə isə baş verdi. Amma özümdə həmişə əminlik var idi", - deyə 25 yaşlı idmançı bildirib.
Dünya çempionatının üçüncü yarış günündə Azərbaycan cüdoçusu Hidayət Heydərov Avropa qitəsi üzrə yeganə medalı əldə edib. Bürünc medal qarşılaşmalarında "köhnə qitə"ni üç tatami ustası təmsil etsə də, onlardan yalnız Heydərov fəxri kürsüyə yüksəlməyi bacarıb. Heydərovu 1/4 finalda məğlub etmiş italiyalı Manuel Lombardo braziliyalı Daniel Karqninə uduzub. Azərbaycanlı cüdoçunun özü isə təsəlliverici görüşdəki qələbəsinin ardından sonra israilli Tohar Butbulu da yenməyi bacarıb.
Azərbaycanlı cüdoçu il ərzində Avropa çempionu və dünya çempionatının mükafatçısı olmasını yaxşı hiss kimi dəyərləndirib: "Bura qızıl medal üçün gəlmişdim. Bu səbəbdən, məğlubiyyətlə barışmaq ağır idi. Dayanmaq istəyirdim, lakin məşqçim mənimlə danışdı və davam edərək, qalib gəlmək üçün motivasiya verdi. Özümü Avropa çempionatında daha yaxşı göstərmişdim. Bu səbəbdən, rahatca dünya çempionatına hazırlaşmışdım. İndi isə daha çox medal qazanmaq üçün çalışmağa davam edəcəyəm".
Qeyd edək ki, Hidayət Heydərov ilk Avropa çempionluğunu 2017-ci ildə qazanıb. Dünya çempionatlarında əvvəlki iki bürünc medalı isə o, 2018 və 2019-cu illərdə əldə edib.