Cüdo üzrə Avstriya Qran-prisində mübarizə aparacaq Azərbaycan millisinin heyəti bəlli olub.
Sportnet.az xəbər verir ki, turnirdə iştirak edəcək yığmamızın üzvlərinin siyahısını Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
Turnir martın 8-10-da Avstriyanın Lints şəhərində təşkil olunacaq. Üç gün davam edəcək turnirdə yığmamız 4 çəki dərəsəsində 2 kişi və 3 qadın idmançı ilə təmsil olunacaq. Kişilərin yarışında Rəşid Məmmədəliyev (73 kq) və Camal Qamzatxanov (+100 kq) tatami üzərinə çıxacaq. Qadınların mübarizəsinə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq), Aytac Qardaşxanlı (63 kq) qatılacaq.
Cüdoçularımıza böyüklərdən ibarət yığmanın böyük məşqçisi Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edəcək. Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, turnirdə 82 ölkədən 568 idmançı iştirak edəcək.