
Ermənistan boksçuları Türkiyə və Azərbaycanda keçiriləcək olimpiya lisenziyalı reytinq turnirlərində iştirak etməyəcəklər. Sportnet.az-ın məlumatına görə, bu barədə Ermənistan Boks Federasiyasının prezidenti Artur Gevorqyan açıqlama verib.
A.Gevorqyan bildirib ki, sərbəst qrafiklə xidmət keçən bütün idmançılar öz hərbi hissələrinə qayıdacaqlar: "Hərbi vəziyyəti nəzərə alaraq, federasiya prezidenti kimi öz idmançılarımıza Türkiyə və Azərbaycanda təşkil olunacaq olimpiya lisenziyalı reytinq turnirlərində iştirak imkanı verməyəcəyəm".
Qeyd edək ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli reytinq turnirlərindən birincisi 9 - 17 apreldə Türkiyənin Samsun şəhərində, sonuncusu isə 14 - 26 iyunda Bakıda olacaq.