Göyçay Olimpiya İdman Kompleksində gənclər, yeniyetmə və uşaqlar arasında çoxmübarizəli döyüş idman növləri üzrə VII Azərbaycan çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, çempionat Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq təşkil olunub.
Açılış mərasimində dövlət himni səsləndirildikdən sonra Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, əməkdar məşqçi Vüqar Muradov çıxış edib. O bildirib ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli döyüş idman növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirirlər. Onun sözlərinə görə, son 5 ildə çoxmübarizəli döyüş idman növü üzrə dünya və Avropa çempionu titulunu qazanan 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hazırda ölkəmizin 30 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur.
Çempionatında 28 şəhər və rayondan 300-ə yaxın idmançı mükafat uğrunda mübarizə aparıb. Yarış 18 hakim tərəfindən idarə olunub. Gərgin idman mübarizəsi şəraitində keçən yarışın ilk 3 yeri tutan idmançılara medal, diplom və kubok verilib.
Qeyd edək ki, baş məşqçi Xaləddin Şirinov bu yarışda ölkə çempionu olan idmançıları yığma komandanın heyətinə cəlb edərək beynəlxalq yarışlara hazırlayacaq. İdmançılarımız gələn ilin aprelində İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmizi təmsil edəcəklər.