
Bolqarıstan yığması ilə 2016-cı il Avropa çempionatının seçmə qrup matçına hazırlaşan Azərbaycan milli komandası bu gün mətbuat üçün açıq məşqə çıxıb. Sportnet.az-ın məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan çalışmalara yığmamız tam heyətlə qatılıb.
Açıq məşq olmasına rəğmən, futbolçuların yalnız görüntülənməsinə icazə verilib. Komanda üzvlərindən açıqlamalar almaq isə mümkün olmayıb. Səbəb kimi sentyabrın 8-də millimizin mətbuat konfransının keçiriləcəyi göstərilib. Sabah jurnalistlər önünə futbolçularla bərabər baş məşqçi Berti Foqtsun da çıxacağı gözlənilir.
Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Bolqarıstan matçı saat 21:00-da başlanacaq.













