
Bakı-2015 ilk Avropa Oyunlarında möhtəşəm idman bayramının
elçiləri olacaq 11 Azərbaycan idmançısının adları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, seçilmiş
idmançılar öz idman növlərini və ölkəmizi təmsil edəcək, qarşıdan gələn
Oyunlarla bağlı marketinq kampaniyalarında, həmçinin Bakı-2015-in geniş şəkildə
qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər.
11
elçidən ikisi Azərbaycan Güləş Federasiyasının nümayəndələri - yunan-Roma
güləşçisi Rövşən Bayramov və qadın güləşçisi Mariya Stadnikdir.
14
ildir güləşin yunan-Roma növü ilə məşğul olan Rövşən Bayramovu Azərbaycan
ictimaiyyəti yaxşı tanıyır. Bu həm də idmançımızın bu günə qədər qazandığı
nailiyyətlərlə bağlıdır. Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı
(Pekin-2008, London-2012), Dünya çempionu (2011), gümüş (2006) və bürünc
medalçısı (2009), ikiqat Avropa çempionu (2007, 2008) və bürünc medalçısı
(2006), Hərbçilərin Dünya çempionatının qalibi (2006), Ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş "Qızıl Qran Pri" beynəlxalq
turnirinin üçqat qalibi (2006, 2008, 2011), gənclər arasında Dünya çempionu
(2003) və bürünc medalçısı (2005), yeniyetmələr arasında Avropa çempionatının
ikiqat bürünc medalçısı (2002, 2003) olan Rövşən Bayramov Azərbaycan
Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi"
medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
təltif olunub.
Güləşlə
12 ildir məşğul olan Mariya Stadnik adı da güləş həvəskarlarına çox tanışdır.
Qadın güləşi üzrə yığma komandamızın lideri olan Mariya demək olar ki,
qatıldığı bütün yarışlardan medalla qayıdıb. Olimpiya Oyunlarının gümüş
(London-2012) və bürünc mükafatçısı (Pekin-2008), Dünya çempionu (2009), gümüş
(2011) və bürünc medalçısı (2014), dördqat Avropa çempionu (2008, 2009, 2011,
2014),Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş «Qızıl Qran
Pri» Beynəlxalq Turnirinin üçqat qalibi (2008, 2011, 2014) və bürünc medalçısı
(2009), gənclər arasında Avropa çempionu (2008) olan güləşçimiz Azərbaycan
Respublikası Prezidentinin Sərəncamları ilə 2008-ci ildə "Tərəqqi"
medalı, 2012-ci ildə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
təltif olunub.
Həm
Rövşən Bayramov, həm də Mariya Stadnik Bakı-2015 ilk Avropa Oyunlarının idman
elçisi olmaqdan fəxr duyduqlarını və Azərbaycanı layiqincə təmsil etməyə
çalışacaqlarını bildirirlər.



