Noyabrın
26-da Parisdə "Bakı-2015”
birinci Avropa Oyunlarının təqdimatı olub. Sportnet.az-ın
məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
mərasimdə iştirak edib.
Heydər
Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi
ilə keçirilən mərasimə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri,
mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan
heykəltəraşlarının "Bakı-2015”ə həsr edilmiş bürünc heykəllərindən ibarət
sərgiyə baxıblar. "Biz birlikdə” adlanan sərgidə 20-dən çox Azərbaycan
heykəltəraşının idmanın müxtəlif növlərinə aid əsərləri sərgilənib. Qonaqlara
Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən
birinci Avropa Oyunlarına həsr olunmuş bukletləri də təqdim edilib.
Tədbirin
aparıcısı birinci Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycana olan
beynəlxalq marağın göstəricisi adlandırıb.
Daha sonra mərasim iştirakçıları
"Bakı-2015”ə həsr olunmuş filmə baxıblar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri və
digər tədbirlər haqda məlumatlar yer alır. Bildirilir ki, birinci Avropa
Oyunları Bakıda 21 məkanda keçiriləcək. Bu məqsədlə şəhərdə yeni arenalar inşa
edilir, mövcud məkanlar yenilənərək oyunlara hazır vəziyyətə gətirilir. Açılış
mərasiminin baş tutacağı 65 min nəfərlik Bakı Olimpiya Stadionundan əlavə,
Bakıda 7300 nəfərlik tutumu olan Olimpiya şəhərciyi də oyunlara hazırlanır.
Fransanın
şəhər, gənclər və idman naziri Tierri Brayar Parisdə "Bakı-2015” birinci Avropa
Oyunlarının təqdimatının keçirilməsindən məmnunluğunu ifadə edib: "Fransa da bu
oyunlara böyük diqqət göstərir. Ölkələrimiz arasında idman sahəsində əlaqələr
getdikcə genişlənir. Fransa bu oyunlarda yüksək səviyyədə təmsil olunacaq”.
Tədbirdə
Fransa Milli Assambleyasının üzvü, ikiqat Olimpiya çempionu David Dövile də
çıxış edib: "Avropa Oyunlarının keçirilməsi böyük zəhmət tələb edir və inanıram
ki, təşkilat komitəsi öz işinin öhdəsindən layiqincə gələcək”. David Dövile
humanizm, sülh və bu kimi ideyaları təbliğ edən Avropa Oyunlarının Azərbaycanın
dünyadakı müsbət imicini daha da yaxşılaşdıracağını söyləyib.
Tədbirin
sonunda Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin skripkaçı
xanımlardan ibarət qrupu konsert proqramı ilə çıxış edib.