"Gərgin oyun oldu. Matçdan qabaq da uşaqlarla konsentarsiya haqda danışmışdıq. Rəqibin necə oynadığını bilirdik. Qol epizodları verməsək də, "Araz-Naxçıvan"da texniki cəhətdən üstün futbolçular var. Bizim də qol epizodlarımız oldu. Rəqibi təzyiqdə saxlaya bildik. Bunu daha da çoxaltmaq lazımdır. Gələcək oyunlarda daha yaxşı "Kəpəz" görəcəyik".
Sportnet.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Azər Bağırov Premyer Liqanın VI turunun "Araz-Naxçıvan"la görüşündən (0:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
- "Kəpəz"də baş məşqçi kimi ilk oyununuz sabiq komandanız "Araz-Naxçıvan"a qarşı idi. Bu, sizə psixoloji baxımdan kömək oldu?
- "Araz-Naxçıvan"da işləməyim barədə fikirləşmirdim. Komandamı oyundan-oyuna daha yaxşı hazırlamağı düşünürəm. İstədiyimiz oyun tərzini, futbolu sərgiləmək istəyirik.
- Sizə qədər komandada kapitan sarğısını daşımış Vurğun Hüseynovun gedişi nə ilə bağlı idi?
- Onunla qısa dialoqumuz oldu. Məşqlərin birində danışdıq. İllərdir Azərbaycan futboluna xidmət edir, əməyi var. Bugünkü vəziyyəti görüb, bizə uğurlar arzuladı. Futbolda başqa sahədə çalışmaq istədi. Biz də ona təşəkkür etdik.
- Premyer Liqanın xalsız yeganə komandası məhz "Kəpəz"dir. İndiki vəziyyətdə xallar qazanmaq üçün hansı planlar var?
- İkinci hissənin sonlarına yaxın meydanın mərkəzində boşluqlar var idi. Dəyişikliklər etməliydik. Amma Valdemar Pana cəzalıdır. Ona görə dəyişiklik edə bilmədik. İnanıram ki, heyətə yeni futbolçular qatacağıq. Artıq Pana gəlib, Dioqonun gəlişi də gözlənilir.
- Rəhbərlik sizə neçə oyun möhlət verib? Sırf neçə oyun xal qazanmasanız, narazılıqlar baş verə bilər?
- Bu, rəhbərliyə aid sualdır. Amma bu barədə danışığımız olmayıb. İnanıram ki, tezliklə xal və ya xallar qazanacağıq.