“Uzun müddətdən sonra yaşıl meydanlara qayıtmaq çox xoş hissdir. Bunu qələbə ilə taclandırmaq isə tamam başqa duyğudur”.
Sportnet.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında “Neftçi”nin qapıçısı Emil Balayev uzunmüddətli zədədən sonra Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Difai” ilə keçirilmiş oyunda (6:0) start heyətində meydana çıxması barədə danışarkən deyib.
İlyarımdan sonra yaşıl meydanlara qayıdan qolkiper futbol və azarkeşlər üçün darıxdığını bildirib: “Neftçi” azarkeşləri hər zaman komandanın yanında olublar. Meydanda olmasam belə, mənə stimul verirdilər. Oyuna gəlincə, yaxşı mübarizə apardıq və qələbə qazandıq. Onsuz da bu klubun hədəfləri həmişə yüksək yerlər olur. Biz də zirvəyə çatmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Emil Balayev 2023-cü ilin yayında Rusiyada təşkil olunmuş “Match TV” turnirində Serbiyanın “Srvena Zvezda” komandası ilə qarşılaşmada zədələnmişdi.